“DİPLOMATİYA MƏKTƏBİ” LAYİHƏSİNİN TƏQDİMATI OLUB

 

       Ali təhsil ocağında NMR Gənclər Fondunun və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin təşkilatçılığı ilə  “Diplomatiya məktəbi” layihəsinin təqdimatı olub.

       Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Diplomatiya sıravi peşələrdən deyil. O, xalqın milli və siyasi maraqlarına birbaşa təsir göstərən fəaliyyət sahəsidir. Yaxşı işlənmiş və əsaslandırılmış diplomatiyası olmayan dövlətlər siyasi səhnədən silinməyə məhkumdurlar...” –bu barədə layihənin təqdimatında danışan “İdarəetmə” fakültəsi dekanı Tural Məmmədzadə bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da tarixən diplomatik əlaqələrin mühüm ənənələri formalaşdırılıb. Belə ki, muxtar respublikaya səfər edən yüksək səviyyəli nümayəndə heyətlərinin sayı ildən-ilə artır, həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən digər dövlətlərə və onların muxtar qurumlarına nümunə kimi göstərilir. Bunların hamısı uğurlu diplomatiyanın nəticəsidir. Bu gün təqdim etdiyimiz layihənin əsas məqsədi də diplomatik-siyasi mübarizənin vacibliyinin müzakirəsi, beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini konstruktiv şəkildə ifadə edə biləcək gənclər şəbəkəsinin formalaşdırılmasına dəstək verməkdir. Həmçinin diplomatik fəaliyyətin gənclərə aşılanması, onların siyasi biliklərinin artırılması, sərbəst müzakirə və natiqlik bacarıqlarının təkmilləşdirilməsi də layihənin əsas hədəflərindəndir.

      Sonra “Diplomatiya məktəbi” layihəsi ilə bağlı digər məruzələr dinlənilib.

      Yekunda qeyd edilib ki, layihə çərçivəsində layihə iştirakçılarına müəyyən edilmiş mövzular üzrə nəzəri və praktiki olmaqla 24 dərs tədris ediləcək. Dərslər mütəxəssislər tərəfindən interaktiv şəkildə həyata keçiriləcək. Layihənin sonunda isə tədris edilmiş dərslər üzrə iştirakçılara imtahan nəticəsinə uyğun olaraq sertifikatlar(Azərbaycan və ingilis sillərində veriləcəkdir.