Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı günüdür” mövzusunda konfrans keçirilib

 “Naxçıvan” Universitetində Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı günüdür” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə “Naxçıvan” Universitetinin şəhid olan ilk məzunu Orxan Paşazadənin, eləcə də ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının və erməni faşistlərinin şəhərlərimizə, kəndlərimizə endirdikləri raket zərbələri nəticəsində qətlə yetirilmiş dinc sakinlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram keçmişdə də, bu gün də yüksək səviyyədədir. Bunun bir səbəbi də şərəfli tariximiz ilə bağlıdır. Beşminillik şəhər mədəniyyəti tarixinə malik Naxçıvan dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri ilə yanaşı, yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələrini də miras qoyub.

Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş tarixi və əzəli torpaqlarımızı düşmən tapdağından azad edir və üçrəngli bayrağımızı torpaqlarımızda dalğalandırır.

Daha sonra Ümumi tarix kafedrasının müəllimləri professor Vəli Baxşəliyevin “Bayrağımız müstəqilliyimizin rəmzidir”, Nuray Hacıyevanın “1990-1993-cü illərdə Naxçıvanda Demokratik dəyişikliklər - Bayrağın qəbul olunması” mövzusunda məruzələri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun və dosent Elçin Zamanovun mövzu ətrafında çıxışları dinlənilib.

Bildirilib ki, üçrəngli, aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə ölkəmizin səmasında dalğalandırılıb. Yalnız 70 il sonra, 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunub, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözlərinin çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar qəbul edilib.

Qeyd olunub ki, həmin dövrü xarakterizə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu”.