ƏCNƏBİ TƏLƏBƏLƏR ÜÇÜN NÖVBƏTİ EKSKURSİYA TƏŞKİL OLUNUB

 

      Naxçıvan Universitetində təhsil alan əcnəbi tələbələr üçün ənənəvi muzey ekskursiyası təşkil olunub. Müəyyən olunmuş qrafikaya əsasən tələbələr bu dəfə Naxçıvan Dövlət Xalça muzeyində olublar.

     1998-ci ildən fəaliyyət göstərən muzey 2010-cu ildən yeni binaya köçürülüb. 2013-cü ildə muzeydə yenidənqurma işləri aparılıb, ekspozisiya yenidən təşkil olunub. Qeyd olunub ki, Naxçıvan Dövlət Xalça Muzeyinin xalçaçılıq sənətinin təbliği, yaşadılması sahəsində özünəməxsus yeri var və muzeyin fəaliyyətində yaddaqalan mədəni hadisələr, görüşlər olub. 1999-cu ilin oktyabr ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar Naxçıvana səfəri zamanı bu muzeydə olması da əlamətdar hadisələrdən ən yaddaqalanıdır.

     Vurğulanıb ki, Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir. Muzeyin fonduna 4000-ə yaxın eksponat toplanıb ki, onlardan 400-dən çoxu ekspozisiyada sərgilənir. Bunlar Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, xalçaçılıq məmulatları, məişət əşyalarıdır. Palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalar,  sujetli, portret və miniatür xalçalar, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, duz torbası və digər eskponatlardır.

     Xalçalar üzərində olan naxışlar barəsində danışan muzeyin bələdçisi məlumat verib ki, bu naxışlar  həndəsi naxışlar, zoomorf naxışlar (heyvan təsvirləri:quş, maral, qoç, əjdaha və s.), nəbati naxışlar (gül, yarpaq, ağac), antropomorf naxışlar (insan təsvirləri) olmaqla 4 qrupa bölünür. Sonra o, muzeyin 2013-cü ildə üç dildə internet saytının istifadəyə verildiyini bildirib. Qeyd edib ki, bu da muzeyi virtual səyahət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb.

     Sonda tələbələr muzeylə yaxından tanış olub, onları maraqlandıran suallar cavablandırılıb. Muzeydə sərgilənən eksponatlar tələbələrin marağına səbəb olub.