ŞƏHİD MƏZUNUN DOĞUM GÜNÜ QEYD EDİLİB

 

   2020-ci ilin mart ayının 6.da düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində şəhidlik zirvəzinə ucalmış “Naxçıvan” Universitetinin “Xarici dillər” fakültəsinin məzunu Orxan Paşazadənin bu gün ad günüdür, yaşasaydı 25 olacaqdı.

   Orxan Paşazadənin doğum günü münasibətilə “Xarici dillər” fakültəsinin dekanı Yasin Babazadənin, Naxçıvan Muxtar Respublika Qazisi Yanında Şuranın Sədri Sahib Məmmədovun, müəllimlərinin və tələbələrin iştirak etdiyi tədbir təşkil olunub. Tədbir “Xarici dillər” fakültəsində keçirilib.

  “Xarici dillər” fakültəsinin dekanı Yasin Babazadə Orxan haqqında tələbələrə danışıb. Dekan qeyd edib ki, 1996-cı il təvəllüdlü 2019-cu ildə “Naxçıvan” Universitetinin “Xarici dillər” fakültəsinin ingilis dili müəllimliyini bitirən Orxan Paşazadə 2020-ci ilin mart ayının 6.da düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən şəhid olub. Erməni təxribatı nəticəsində şəhid olan sərhədçi əsgərimizin  cənazəsi yaşadığı Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib və orada dəfn olunub.

   Sonda universitetdə təhsil aldığı dövrdə Orxan Paşazadənin  yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışlarından, vətənpərvər və nizam-intizamlı tələbə olmasından söhbət açan “Naxçıvan” Universitetinin akademik heyət üzvləri qəhrəman məzunla qürur duyduqlarını diqqətə çatdırıblar.

   Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Vətənimizin hər qarış torpağı üçün canından keçən Orxanımız kimi…