“Naxçıvan” Universitetində yenicə yaradılmış Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə yeni bir layihə irəli sürülərək taksi sürücüləri arasında “Turizmə yararlı peşəkar sürücü hazırlamaq” məqsədilə kurs təşkil edilmişdir.
Bununla bağlı olaraq kursu müvəffəqiyyətlə başa vuran sürücülərin mükafatlandırma mərasimi olub. Tədbiri giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəf doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirib ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə ulu öndərin müvafiq Fərmanı əsasında qəbul edilmiş “Turizm haqqında Qanun” və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda Turizmin inkişafı proqramı” sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafına təkan verdi.
Tədbirdə beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Səfərli, Turizm İnformasiya Mərkəzinin rəhbəri Şahnaz Məmmədova, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Ramin Qəhrəmanov tərəfindən turizmə yararlı təşkil edilən kurslarda fərqlənən peşəkar sürücülərə sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, kursun gedişatı zamanı sürücülərə muxtar respublikanın coğrafi mövqeyi, tarixi, əyləncə sektoru, milli mətbəxi və tanınmış ziyalıları haqqında geniş məlumat verilib. Bundan başqa, onlara ingilis və rus dillərində turistləri qarşılamaq məqsədilə terminoloji lüğət də öyrədilib.
Məlumat üçün onu da qeyd edək ki, sertifikat alan sürücülər haqqında məlumat və onların əlaqə nömrələri “Naxçıvan” Universitetinin daxilində yaradılmış “Gənc tur” səhifəsində yer alıb. Buda öz növbəsində turistlərə onlara yararlı olan sürücülərlə əlaqə saxlamaq imkanı verəcəkdir.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi