“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublika Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Müsabiqəyə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Musiqi və Texniki kolleclərin, eləcə də, Naxçıvan şəhər 12 nömrəli uşaq bağçasından 20 -ə yaxın rəsm əsəri çıxarılmışdır.
Tədbiri giriş sözü ilə “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, gənclərin ekoloji biliklərinin zənginləşməsində, onlarda təbiətə məhəbbət hissinin aşılanması məqsədilə muxtar respubilkada mühüm tədbirlər görülür. Müsabiqədə çəkilən rəsm əsərləri də məhz həmin amilləri özündə ehtiva edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bir neçə gündür gənclərin iştirakı ilə təmizlik və yaşıllaşdırma tədbirləri keçirilir. Belə ki, Ordubad, Batabat milli parkı, Uzunoba su anbarı və digər potensialı ilə seçilən məkanlarda olub, bu ərazilərdə təmizlik aksiyaları keçiriblər.
Məqsəd ətraf mühitin mühafizəsidir və bu məsələyə gənclərin marağını yönəltməkdir deyən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sədri Ülviyyə Həmzəyeva mövzu ilə bağlı çəkilmiş əsərlər barədə iştirakçılara məlumat verib.
Müsabiqənin nəticələrinə əsasən birinci yerə Naxçıvan Dövlət Universitetindən İsmayıl İsmayıllı, Naxçıvan Müəllimlər İnstitutundan Aytən Həsənova, ikinci yerə “Naxçıvan” Universitetindən Çinarə Quliyeva, Fərqanə Həsənova layiq görülmüş, üçüncü yerə Naxçıvan Dövlət Universitetindən Ruqiyyə Talıblı, “Naxçıvan” Universitetindən Aynurə Məmmədova və Naxçıvan Müəllimlər İnstitutundan Xədicə Əlizadə çıxmışlar.
Sonda qaliblərə təşkilatçıların diplomları təqdim olunmuşdur.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi