Bu il Mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə müxtəlif dövlət orqanları qarşısında mühüm vəzifələr qoyulub.Müşavirədə qeyd olunub ki, muxtar respublikada digər sahələr kimi turzim sahibkarlığı da inkişaf etdirilməlidir. Özəl sektor bu sahədə xüsusilə təşəbbüskar olmalı, real təkliflər ortaya qoyulmalıdır. Turizmin inkişafı turistlərin təhlükəsizliyinin qorunması məsələsini də aktuallaşdırır. Bu sahədə də aidiyyatı dövlət orqanları fəaliyyətlərini gücləndirməli, onlar işin təşkilinə diqqət artırmalıdır. Aidiyyatı dövlət orqanları turistlərin gediş-gəliş zamanı rəsmiləşdirmə qaydalarına düzgün riayət etməli, turistlərə heç bir maneə yaradılmamalıdır. Qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müxtəlif tədbirlər keçirilir. Bu istiqamətdə təşkil edilən edilən tədbirlərin davamı olaraq “Naxçıvan” Universitetində yenicə yaradılmış Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə yeni bir layihə irəli sürülərək taksi sürücüləri arasında “Turizmə yararlı peşəkar sürücü hazırlamaq” məqsədilə kurs təşkil edilib.
Kurs başlamazdan əvvəl universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək bu layihənin həyata keçirilməsində məqsəd xaricdən gələn qonaqları ingilis və rus dillərində qarşılamaq, sürücülərin turistlərə Naxçıvan Muxtar Respublikası barədə dolğun məlumat verməsindən, eləcə də onlarla xoş rəftar edib, güvən hissi yaratmaqdan ibarət olduğunu bildirmişdir.
Sonra Turizm İnformasiya Mərkəzinin və bu layihənin rəhbəri Şahnaz Məmmədova bildirmişdir ki, kursun gedişatı zamanı sürücülərə muxtar respublikanın coğrafi mövqeyi, tarixi, əyləncə sektoru, milli mətbəxi və tanınmış ziyalıları haqqında geniş məlumat veriləcək.Bundan başqa, onlara ingilis və rus dillərində turistləri qarşılamaq məqsədilə terminoloji lüğət də öyrədiləcəkdir. Həmçinin bu kursda iştirak edən hər bir sürücünün telefon nömrəsi, maşın nömrəsi, ad və soyadı universitetin daxilində yaradılmış Gənc Tur qurumunun səhifəsində paylaşılacaq. Buda öz növbəsində turistlərə onlara yararlı olan sürücülərlə əlaqə saxlama imkanı verəcək.
Məlumat üçün onu da qeyd edək ki, 2 ay davam edəcək kursu uğurla başa vurmuş sürücülərə “Naxçıvan” Universitetinin Turizm İnformasiya Mərkəzi tərəfindən sertifikat təqdim olunacaqdır.